Ədliyyə naziri Fərid Əhmədov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Qırğız Respublikasının Baş nazirinin müavini, ədliyyə naziri Almaz Ayılçiyev ilə görüşüb.
Fərid Əhmədov Almaz Ayılçiyevi yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Qırğız Respublikası arasında münasibətlərin yüksək səviyyədə olduğu və dövlət başçıları arasında qarşılıqlı səfərlərin əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
İki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlığın möhkəm hüquqi bazaya söykəndiyi, notariat, penitensiar sistem, probasiya, mediasiya və məhkəmə ekspertizası kimi sahələrdə təcrübə mübadiləsinin həyata keçirildiyi qeyd olunub.
Tərəflər hər iki dövlətin ədliyyə nazirlikləri arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi, həmçinin TDT çərçivəsində hüquq və ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda tərəflər arasında Əməkdaşlıq proqramı hazırlanıb, gələcəkdə imzalanması barədə razılığa gəlinib.